“unudulmaz.az” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.
“Biz “Terrorsuz Türkiyə” üçün canımızı ortaya qoyduq, Türkiyənin xeyrinə olmayan heç bir işdə olmadıq. Bundan sonra Türkiyənin xeyrinə olan bütün işlərdə bizi ən öndə görəcəksiniz. Biz nə etdiyimizi çox yaxşı bilirik. Heç kim qorxmasın. Nə ediriksə, Türkiyə və millətimiz üçün edirik. Terror bitəcək, görəcəksiniz. Türkiyə qazandı, hər bir vətəndaşımız qazandı”, - Ərdoğan bildirib.
O qeyd edib ki, terrorun məqsədi kürd ilə türkün arasına nifaq toxumu səpmək idi, amma bu gün türk ilə kürd qucaqlaşdı: “Bu məsələni oturub danışacağıq, amma silahlarla deyil. Bütün hər şeyi qarşılıqlı oturub müzakirə edəcəyik”.
“Terrorun bitməsi ilə Türkiyə daha güclü, daha özgüvənli olacaq. Ölkəmiz qardaşlıq içində böyüyəcək, demokratiya ilə güclənəcək. Görəcəksiniz, çox fərqli Türkiyəyə yaxın vaxtda qovuşacağıq. İtkilərimiz, şübhəsiz ki, geri gəlməyəcək, amma gənclərimiz ən gözəl çağlarında bundan sonra aramızdan ayrılmayacaq, analar göz yaşı tökməyəcəklər. Biz tərksilah prosesini qurulan mexanizm əsasında yaxından izləyirik”, - Türkiyə lideri əlavə edib.
Xatırladaq ki, ötən gün “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində 47 ildən sonra Süleymaniyyədə bir qrup PKK üzvü silahlarını təhvil verib.
Mədinə Useynova