“unudulmaz.az” Xidmətin saytına istinadən xəbər verir ki, ölkədə 6200-dən artıq istifadəçinin hakerlərin qurbanına çevrilməsi müəyyən edilib.
Belə ki, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, cari ilin birinci yarımili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevriliblər.
Qeyd etmək lazımdır ki, hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının 16%-i admin səlahiyyətli əməkdaşlar olub ki, bu da ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri addımların atılmadığını göstərir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həmin dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi üçün məlumat verilib.
Bununla yanaşı, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşlar hakerhücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarının da hakerlərin əlinə keçməsinə şərait yaradırlar. 2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6164 olub.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına daxili informasiya təhlükəsizliyinə nəzarəti gücləndirməyin, mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağın vacibliyini bir daha xatırladıb.
Dövlət Xidməti eyni zamanda vətəndaşlara fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.